Günay Əfəndiyeva Kayrat Osmonaliyev və tanınmış şair, Azərbaycanın Əməkdar jurnalisti Adil Cəmil ilə görüşüb
Xəbərlər
Günay Əfəndiyeva Kayrat Osmonaliyev və tanınmış şair, Azərbaycanın Əməkdar jurnalisti Adil Cəmil ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev və tanınmış şair, Azərbaycanın Əməkdar jurnalisti Adil Cəmil ilə görüşüb.
Görüşdə Günay Əfəndiyeva rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi olan Qırğızıstanla qarşılıqlı əməkdaşlığın, türk dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.
Fondun prezidenti, eyni zamanda, TÜRKSOY-un yeni Baş katibinin Qırğızıstanın nümayəndəsi Sultanbai Raevin təyin olunması münasibətilə səfiri təbrik edib. Günay Əfəndiyeva Bursaya rəsmi səfəri çərçivəsində Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamanqulovla görüşünü xatırladaraq, Qırğızıstanın mədəni dəyərlərinin tanıdılması istiqamətində əlaqələrin genişlənməsinin vacibliyinə toxunub.
Səfir Kayrat Osmonaliyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının çoxəsrlik tarixinin, zəngin irsinin qorunması, öyrənilməsi, eləcə də türk xalqları arasında birliyin möhkəmləndirilməsi istiqamətində təşkil olunan təqdirəlayiq tədbirlərin şahidi olduğunu vurğulayaraq göstərilən səylərə görə Fondun prezidentinə təşəkkür edib. Səfir Fond ilə Qırğızıstan arasında tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluq duyduğunu vurğulayaraq, Qırğızıstanın böyük şəxsiyyətlərinin yubileylərinin qeyd olunması, türk dünyasının qədim eposlarının, o cümlədən “Manas” kimi qəhrəmanlıq dastanlarının tədqiqi yönündə birgə aparılacaq işlərin önəmindən söz açıb.
Görüş tərəflər arasında 2022-ci il üçün birgə mədəni tədbirlər planının müzakirəsi ilə davam edib.