Günay Əfəndiyeva Qazaxıstanda L.N. Qumilyov adina Avrasiya Milli Universitetini ziyarət edib
Xəbərlər
Günay Əfəndiyeva Qazaxıstanda L.N. Qumilyov adina Avrasiya Milli Universitetini ziyarət edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində L.N. Qumilyov adina Avrasiya Milli Universitetini ziyarət edərək, universitetin rektoru Yerlan Sıdıkov ilə görüşüb.
Görüşdə rektor Yerlan Sıdıkov Fondun Prezidentini ilk dəfə universitetdə qarşılamaqdan böyük məmnuniyyət duyduğunu bildirib. Rektor universitetin əsas missiyaları sırasında tələbələri elmə, təhsilə cəlb etməklə yanaşı, həmçinin gənclərdə vətənpərvərlik hisslərini gücləndirməyin, onlara ümumtürk dəyərlərini aşılamağın da yer aldığından söz açıb. Yerlan Sıdıkov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun müxtəlif universitetlərlə əlaqələrinin əhəmiyyətinə toxunub. Rektor Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyasının çoxəsrlik mədəniyyətinin geniş şəkildə tədqiqinin rəhbərlik etdiyi təşkilatın daim diqqət mərkəzində olduğunu nəzərə çatdırıb. Günay Əfəndiyeva Fond tərəfindən həyata keçirilən layihələr çərçivəsində türk və digər xalqların türkoloqlarının, alimlərinin, maarifçilərinin mütəmadi olaraq bir araya gətirilməsindən bəhs edib. O, Fond tərəfindən universitetlər ilə iş birliyinə xüsusi önəm verildiyi qeyd edərək, təşkilata üzv və müşahidəçi dövlətlərin, eləcə də bir sıra xarici ölkələrin elm və təhsil ocaqları ilə qurulan əməkdaşlıq münasibətlərinə diqqəti çəkib.
Görüş zamanı tərəflər qarşılıqlı münasibətlərin inkişafının perspektivlərini müzakirə edərək, təşkilat ilə universitet arasında Əməkdaşlıq Memorandumunun bağlanması barədə razılığa gəliblər.
Daha sonra Günay Əfəndiyeva universitetin nəzdində yaradılan Türk Yazı Tarixi muzeyinə baş çəkib. “Kültegin” atriumu və qədim türk xalqlarının müxtəlif yazılı kitabələri ilə tanış olan Fondun prezidentinə nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib.