Günay Əfəndiyeva Rumıniya Parlamentinin bir qrup deputatı və Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Xəbərlər
Günay Əfəndiyeva Rumıniya Parlamentinin bir qrup deputatı və Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Rumıniya Parlamentinin bir qrup deputatı və Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə görüşüb.
Görüşdə Fondun fəaliyyəti barədə məlumat verən G.Əfəndiyeva türk xalqlarının maddi-mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği məqsədilə dünyanın müxtəlif ölkələrdə həyata keçirdikləri tədbirlərdən, tarixi irs və mədəniyyətlə bağlı yayımladıqları nəşrlərin əhəmiyyətindən bəhs edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yalnız türk dövlətləri ilə deyil, bir sıra Avropa ölkələri ilə də mədəni əlaqələrini genişləndirdiyini vurğulayan G.Əfəndiyeva, ötən il Litva Respublikası ilə rəhbəri olduğu təşkilat arasında türk kökənli tatar və karaimlərin mədəni irsinin qorunması və təbliği ilə bağlı Əməkdaşlıq Memorandumunun imzalandığını da xatırladıb. Eyni zamanda, ötən ilin sonunda G.Əfəndiyeva Polşaya səfəri zamanı ölkənin baş müftisi, eləcə də orada yaşayan tatar icmasının nümayəndələri ilə görüşüb fikir mübadiləsi apardığını, onların adət-ənənələri ilə yaxından tanış olduğunu bildirib. G.Əfəndiyeva, həmçinin Rumıniyada yaşayan tatarların tarixi və mədəni irsinin də Fond üçün əhəmiyyət kəsb etdiyini qeyd edib.
Rumıniya parlamentinin tatar kökənli deputatı Varol Amet Azərbaycana işgüzar səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etməkdən, bu təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaqdan məmnunluq duyduğunu dilə gətirib. Deputat Rumıniyada yaşayan tatarların etnik və mədəni hüquqlarından danışaraq ölkənin bir sıra orta məktəblərində tatar dilinin tədris edildiyini, onların dini və mədəni bayramlarının ölkə səviyyəsində qeyd olunduğunu vurğulayıb.
Görüşdə iştirak edən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare də Fondun fəaliyyətini yüksək qiymətləndirib. Səfir bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun tatarlarla bağlı birgə mədəni layihələrinin reallaşması üçün Rumıniya tərəfi lazımi dəstəyi göstərəcəkdir.
Görüş tərəflər arasında birgə əməkdaşlığın mövcud perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.