"İnanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bir parçası olan “Şuşa Günləri” Türk birliyinin möhkəmlənməsinə də öz töhfəsini verəcək"

Xəbərlər

"İnanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bir parçası olan “Şuşa Günləri” Türk birliyinin möhkəmlənməsinə də öz töhfəsini verəcək"

08 dekabr 2022 12:23

8 dekabr 2022-ci il tarixində Bursada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bursa Böyükşəhər Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Şuşa Günləri”nin açılş mərasimi keçirilib.

Mərasimdə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Bursa Valisi Yakup Canpolat çıxış ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən cari il ərzində görülən işləri yüksək qiymətləndirərək, 2022-ci il Türk Dünyasının Mədəniyyət paytaxtı olan Bursanın növbəti ildə estafeti Azərbaycanın mədəniyyət beşiyi olan Şuşaya təhvil verəcəyini qeyd edib. Günay Əfəndiyeva təşkil olunacaq “Şuşa Günləri” proqramı barədə ətraflı danışaraq, Qarabağın Baş tacı olan Şuşanın zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin ətrinin bu günlər ərzində Bursada duyulacağını fəxrlə bildirib. Bununla da, Türk Dünyasının Mədəniyyət paytaxtı statusunun bir şəhərdən digərinə ötürülməsi kimi yeni ənənənin əsasının qoyulduğunu vurğulayıb.

Mərasimin sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Bursada keçirilən Şuşa Günlərinin təşkilində əməyi olanlara təşəkkürnamələr və xüsusi hədiyyələr təqdim edilib.

Mərasimdə qardaş Türk dövlətlərini təmsil edən diplomatlar, dövlət qurumların nümayəndələri, KİV təmsilçiləri və Bursa ictimaiyyəti iştirak ediblər.

İki gün davam edən Şuşa Günləri çərçivəsində Azərbaycanın mədəniyyətini, milli dəyərlərini və geyimlərini özündə əks etdirən tədbirlər təşkil olunur.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur