Litva Respublikasının Birinci xanımı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb
Xəbərlər
Litva Respublikasının Birinci xanımı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb
Litva Respublikasının Birinci xanımı Diana Nausediene Azərbaycana səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında mövcud əməkdaşlıq əlaqələri və Litvada yaşayan Türk kökənli azsaylı xalqların – tatar və karaimlərin mədəni irsinin mühafizəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra 2022-ci ilin “Litva Karaimləri İli” elan olunmasıyla bağlı Fondda “Litva karaimləri” sərgisi keçirilib.
Mərasimi giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyətlərindən söz açıb. Ötən ilin fevral ayında Fondun Litvanın Azərbaycandakı Səfirliyi ilə imzaladığı Əməkdaşlıq Memorandumunu xatırladan Günay Əfəndiyeva, təşkilat ilə Litva arasında güclü tərəfdaşlıq münasibətlərinin mövcudluğundan bəhs edib. Fondun prezidenti, Litvada 2022-ci ilin “Litva Karaimləri İli” elan olunmasını ölkə miqyasında Türk xalqlarına göstərilən diqqətin dəyərli nümunəsi kimi qiymətləndirib. Müxtəlif xalqların ümumbəşəri irsinin inteqrasiyasının əhəmiyyətindən danışan Günay Əfəndiyeva, Litvada yaşayan tatar və karaimlərin Türk dünyasının ayrılmaz parçası olduqlarını bildirib.
Litva Respublikasının birinci xanımı Diana Nausediene sərgidə çıxış edərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olmaqdan məmnunluq hissi keçirdiyini qeyd edib. Azərbaycanla ölkəsi arasında bir çox sahələrdə əməkdaşlığın uğurla davam etdirilməsinin vacibliyini vurğulayan Diana Nausediene, bu istiqamətdə görüləcək işlərin əhəmiyyətindən danışıb. Xanım Diana Nausediene Litvada yaşayan unikal Türk xalqlarının – tatar və karaimlərin adət-ənənələrinin, mədəni dəyərlərinin mühafizəsinin ölkəsi üçün önəmindən bəhs edib. Litva Respublikasının birinci xanımı həmçinin 2021-ci ilin “Litva tatarları İli”, 2022-ci ilin “Litva Karaimləri İli” elan olunmasından söz açıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən tatar və karaimlərin tarixinin, mədəniyyətinin təbliği ilə bağlı görülən işləri yüksək qiymətləndirib.
Daha sonra Litva Respublikasının birinci xanımı Diana Nausediene ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən “Litva karaimləri” adlı sərginin açılış mərasimi həyata keçirilib. Sərgidə təqdim olunan rəsmlərdə Litva karaimlərinin dini abidələri, adət-ənənələri, yaşayış tərzi, milli geyim nümunələri əks olunub.
Mərasimdə rəsmilər, səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, ziyalılar iştirak ediblər.