Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başlayıb

Xəbərlər

Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başlayıb

19 sentyabr 2022 22:22

19 sentyabr 2022-ci il tarixində Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başlayıb.

Varşava Universitetinin ev sahibliyində keçirilən Konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Özbəkistanın Polşadakı Səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu əsas tərəfdaş qismində çıxış ediblər.

“Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında təşkil olunan Konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fəxri qonaq qismində iştirak edib.

Tədbiri giriş sözü ilə açan Varşava Universitetinin prorektoru Zigmunt Lalak, artıq 6-cı dəfədir ki, Polşada təşkil olunan Konqresin əhəmiyyətindən danışaraq, tədbirin türk xalqlarının zəngin keçmişinin, tarixinin, dilinin, mədəniyyətinin Avropa və bütün dünyada təbliğ edilməsi istiqamətində böyük rol oynadığını qeyd edib. Bu xüsusda, Z.Lalak Varşavada toplaşmış türkoloqların xidmətlərini yüksək qiymətləndirirək, Konqresin fəaliyyətinə uğurlar arzu edib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva müasir dövrdə Türk mədəni irsinin elmi konseptual səviyyədə araşdırılmasının və bu işə dünya türkoloqlarının cəlb edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Türk Dünyası dedikdə əlbəttə, yalnız türk xalqlarının yaşadığı geniş coğrafiya nəzərdə tutulmur. Türk Dünyası özlüyündə türk xalqlarının sahib olduğu ortaq tarix, mədəniyyət, ədəbiyyat, dil, adət-ənənələri ehtiva edir. Bunların hər biri türk kimliyini formalaşdıran və onun sütununu təşkil edən amillərdir.”

Türk Dünyası və Polşa arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin qədim tarixə, dərin köklərə söykəndiyinə toxunan Fondun prezidenti, Polyak xalqının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun hər bir üzv ölkəsi ilə bağlılığının olduğunu qeyd edib. O, Polşada türk əsilli milli azlıqlar olan tatarların və karaimlərin yaşadığını vurğulayaraq, onların irsinin qorunmasının təşkilatın maraq dairəsində olduğunu bildirib.

Günay Əfəndiyeva Türkologiya elminin inkişafından söz açıb: “Bu gün artıq Avropanın 30-a qədər ölkəsində Türkologiya müstəqil elm kimi öyrənilir. Bu elm sadəcə Şərqşünaslığın bir bölməsi kimi deyil, ayrıca elm kimi qəbul edilir.”

Eyni soydan gələn Türk xalqlarının zaman-zaman çətin günlərin sınağından keçdiyini qeyd edən Fondun prezidenti, buna baxmayaraq, xalqlar arasındakı birliyin indiyədək davam etdiyini və günü gündən daha da gücləndiyini vurğulayıb: “Biz bunun 2 il öncə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, tarixi Qarabağ torpaqlarını qaytardığı zaman Türkiyənin göstərdiyi mənəvi dəstəyin nümunəsində bir daha şahidi olduq.”

Açılış mərasimində çıxış edən Türkiyə Respublikasının Polşa Respublikasındakı səfiri Cengiz Kamil Fırat, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyoter Taraxa, Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin Türkologiya və Orta Asiya Xalqları kafedrasının müdiri,professor Aqata Bareya-Stajinska, Varşava Universitetinin Siyasi və Beynəlxalq elmlər kafedrasının dekanı Dr. Habil Daniel Przastek, Yunus Emre İnstitutunun Varşava Ofisinin rəhbəri Əbdüsəməd Bilgili, Karaim İrsi Fondunun nümayəndəsi Dr. Anna Sulimoviç-Keruz Türk xalqlarının tarixinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının, siyasətinin Avropada araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Çıxışçılar Türkologiya elminin təbliq və tədqiqinin önəminə toxunaraq, Kongresin müzakirə platforması kimi vacibliyindən söz açıblar.

Konqresin açılış mərasimində Varşava Universitetin professoru Tadeusz Majda Türkologiya elmi üzrə göstərdiyi xidmətlərinə görə fəxri fərman ilə təltif olunub.

Konqres çərçivəsində keçirilən çoxsaylı panellərdə Türkologiyaya həsr olunan müxtəlif mövzular müzakirə olunur.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur