"Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynamaqdadır”...
Xəbərlər
"Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynamaqdadır”
Macarıstanın Buğac bölgəsində 12-14 avqust tarixlərində Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, 27 türk xalqının iştirak etdiyi təntənəli VII Hun – Türk Qurultayı gerçəkləşdirilib. Türk dünyasının birliyini təcəssüm etdirən beynəlxalq Qurultay Macarıstanın Budapeşt, Keçkement, Şiofok şəhərlərində də coşğuyla qeyd olunub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qurultay iştirakçılarına məktub ünvanlayıb. Məktubda deyilir: “Mən əminəm ki, Qurultaya qatılan hər bir Türk minilliklərə söykənən mədəniyyətin davamçısı və parçası olduğu üçün böyük fəxarət duymaqdadır. Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynamaqdadır”.
Fondun prezidenti türk xalqları arasında birlik və bərabərliyin möhkəmləndirilməsində son dərəcə əhəmiyyətli olan Hun-Türk Qurultayının təşkili münasibətilə Macar-Turan Fondunun prezidenti Andraş Bironu və əməyi keçən hər kəsi təbrik edib: “Bu cür maraq və əks-səda doğuran tədbirlərin, qürurlu anların Türk Dünyasının dörd bir yanında, o cümlədən Bursada və Şuşada, Türküstanda və Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühim önəm daşımaqdadır. Beləliklə, Türklər olaraq, öz şanlı keçmişimizi bir daha xatırlayacaq, bugünümüzə nəzər salacaq və güc alaraq, əl-ələ parlaq gələcəyə doğru irəliləyəcəyik”.
Eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VII Hun - Türk Qurultayında dəstəkçi təşkilat kimi çıxış edib. Fondun və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, Kamran Kərimov, tanınmış tarzən Arslan Növrəsli, kamança ustası Elnur Mikayılov və “Odlar Yurdu” rəqs qrupu Qurultayda iştirak edib. Sənətçilərin Türk Dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanıb və alqışlarla müşayiət olunub