Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlərə start verilib
Xəbərlər
Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlərə start verilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlərə start verilib. İlk tədbir Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən almanca nəşr olunmuş “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nın təqdimatı ilə baş tutub.
Tədbirdə Türk Dünyasının ayrılmaz parçası olan Azərbaycan mədəniyyəti, Azərbaycan qadın şairələrinin ədəbi inciləri təqdim edilib. Mərasimdə Vyanada akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, eləcə də Avstriya ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan da daxil olmaqla, Türk dünyasında qadınların cəmiyyətdəki mühüm rolundan söz açıb, onların xüsusi mövqeyə sahib olduğunu vurğulayıb. Leyla Qasımova çıxışında müsəlman Şərqində qadınlara seçki hüququ tanıyan ilk ölkənin Azərbaycan olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycanla Avstriya arasındakı mədəni münasibətlərin mövcudluğuna toxunaraq, Türk xalqlarının qədim dəyərlərinin Avropada təbliğinin vacibliyindən söz açıb. Türk dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirən səfir Avstriyada təşkil olunan tədbirin böyük əhəmiyyətə malik olduğunu bildirib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında bildirib ki, Türk tarixinə nəzər salanda keçmişdən bu günə kimi hər zaman böyük şəxsiyyətlər sırasında qadınların xüsusi yerə sahib olduğunu, onların mənsub olduqları ölkənin və xalqın taleyində böyük rol oynadığını görmək mümkündür: “Bu baxımdan, mən müasir zəmanəyə nəzər salarkən Türk Dünyasının öndə olan qadınlarından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Onun rəhbərliyi altında həyata keçirilən layihələr, onun təşəbbüsləri və xeyirxah əməlləri həm ölkənin daxilində, eyni zamanda, beynəlxalq aləmdə mühüm nüfuz qazanıb”.
Kitab haqqında məlumat verən Fondun prezidenti “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabının səkkiz yüz illik bir dövrün ədəbi ruhunu özündə daşıdığını bildirib: “Burada toplanan şeirlər orta əsrlərdən, yəni XII əsrdən XX əsrədək Azərbaycan ərazisində yaşamış görkəmli şairələrin yaradıcılığına işıq tutur. Bu şairələr ölkənin müxtəlif guşələrində, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağda, mədəniyyət beşiyi olan Şuşada yaşamış şairələrdir. Onlardan birinin məşhur şairə və ictimai xadim Xan qızı Xurşidbanu Natəvanın bu il 190 illik yubileyi tamam olur və bu yubiley dünyada geniş şəkildə qeyd edilir”.
G.Əfəndiyeva tədbirin təşkilində əməyi keçən bütün tərəfdaşlara, eləcə də yaradıcı heyətə təşəkkürünü çatdırıb.
Antologiyanın alman dilində nəşrinin ərsəyə gəlməsində önəmli rolu olan araşdırmacı-yazar Orxan Araz çıxışında hələ orta əsrlərdə Azərbaycan şairələrinin dövrünün ziyalı, tərəqqipərvər və açıq fikirli insanlar olduqlarını, öz əsərlərindəki poetik estetikanın digər müasirlərindən daha üstünlük təşkil etdiyini vurğulayıb.
Daha sonra Azərbaycan qadın şairələri haqqında sənədli film nümayiş etdirilib. Yazar və jurnalistlər Ülviyyə Heydərova və Zəhra Quliyevanın müəllifləri olduqları sənədli filmdə Azərbaycan tarixinə nəzər salınıb, müxtəlif dövrlərdə yaşamış şairələrin həyat və yaradıcılığından bəhs olunub.
Tədbir musiqili bədii proqramla davam edib. Azərbaycanın Xalq artisti Mehriban Zəki və avstriyalı aktrisa Sebine Petzl tərəfindən antologiyaya daxil olan şeirlər səsləndirilib, Avstriyada yaşayan azərbaycanlı pianoçu Abuzər Manafzadə və Karen Danqer-Manafzadənin ifasında şairələrin əsərlərinə bəstələnmiş mahnılar tamaşaçılara təqdim olunub.
Qeyd edilməlidir ki, antologiyada 800 il ərzində əsərləri ilə dünya ədəbi irsinə təkrarsız nümunələr bəxş edən Məhsəti Gəncəvinin, Ağabəyim Ağanın, Xurşidbanu Natəvanın, Heyran xanımın, Ümmügülsümün, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin və digər şairələrinin şeirləri toplanıb.