Günay Əfəndiyeva "Heydər Əliyev və parlamentarizm" adlı konfransda iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva "Heydər Əliyev və parlamentarizm" adlı konfransda iştirak edib

23 noyabr 2023 12:00

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən keçirilən "Heydər Əliyev və parlamentarizm" adlı konfransda iştirak edib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu prezidenti Günay Əfəndiyeva şərəfli ömrünü ölkəsinə, xalqına həsr etmiş Azərbaycanın Ümummilli lideri, türk Dünyasının böyük oğlu Heydər Əliyevin genişmiqyaslı fəaliyyətindən söz açaraq, bildirib: “Heydər Əliyev Azərbaycana ən çətin zamanda qayıtdı və yenidən dövləti qurdu. Dövlətin müstəqilliyini əbədiləşdirdi. Bugün öz torpaqlarını qaytarmış, tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın təməlini qoydu. Bu, tarix yazmaq missiyasıdır və müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".

Günay Əfəndiyeva Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, bu sözlərin dərin fəlsəfənin başlanqıcı kimi uzaqgörənliyin və qardaşlığın rəmzinə çevrildiyini vurğulayıb.

Günay Əfəndiyeva Fond tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bir sıra layihələrin həyata keçirilməsinə diqqət çəkib. O, bu il təşkilatın Türk Akademiyası ilə birgə əməkdaşlığıyla Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın keçirilməsini vurğulayıb. Günay Əfəndiyeva Ulu Öndərin möhtəşəm yubileyinin Avropanın müxtəlif şəhərlərində Fondun himayəsində yaradılan və 7 Türk dövləti təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsertləri ilə təntənəli qeyd olunduğunu bildirib.

Eyni zamanda Günay Əfəndiyeva Fond tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunmuş böyük nəşr layihəsinin - “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı kitabın yaxın zamanda işıq üzü görəcəyini qeyd edib.

Tədbirdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur