Günay Əfəndiyeva Litva Respublikasına rəsmi səfər edib
Xəbərlər
Günay Əfəndiyeva Litva Respublikasına rəsmi səfər edib
02 mart 2023
21:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litva Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində Litva Respublikasının Prezidentinin təhsil, elm və mədəniyyət sahələri üzrə müşaviri Vilma Backiute və Litva Respublikasının xarici işlər nazirinin müavini Jonas Survila ilə görüşlər keçirib.
Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva Respublikası arasında imzalanmış Əməkdaşlıq Memorandumunun əsasında qarşılıqlı iş birliyinin uğurla həyata keçirilməsindən söz açılıb. Litvanın ərazisində məskunlaşmış türk etnik kökənli xalqlara - tatarlara və karaimlərə dövlət səviyyəsində göstərilən diqqətin əhəmiyyətindən bəhs edilib. Bu münasibətin bariz nümunəsi kimi Litva Respublikasında 2021-ci ilin “Tatarların tarixi və mədəniyyəti ili”, 2022-ci ilin isə “Karaimlərin tarixi və mədəniyyəti ili” elan olunması vurğulanıb.
Litva Respublikasının Birinci xanımı Diana Nausedienenin, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Fondun prezidenti ilə görüşləri xatırlanaraq, təşkilat tərəfindən tatar və karaim illərinin açılışları çərçivəsində təşkil olunan tədbirlərdə iştirakları məmnuniyyətlə qeyd edilib. Fondun digər xarici ölkələrlə, eləcə də Avropa məkanında əməkdaşlıq əlaqələrini günü-gündən genişləndirməsi yüksək dəyərləndirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev, Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egidius Navikas iştirak edib.
Görüşlər Litva ilə təşkilata üzv olan türk dövlətləri arasında qarşılıqlı əlaqələrin, eləcə də mədəni mübadilələrin intensivləşdirilməsi yönündə gələcək əməkdaşlığın perspektivlərinin müzakirələri ilə davam edib.