Günay Əfəndiyeva Litvada Qazaxıstan və Türkiyə Respublikasının Litva Respublikasındakı səfirləri ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyeva Litvada Qazaxıstan və Türkiyə Respublikasının Litva Respublikasındakı səfirləri ilə görüşdü

04 mart 2023 21:17
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Qazaxıstan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Timur Urazayev və Türkiyə Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Barış Tantekin ilə görüşüb. Görüşlərdə Fond ilə təşkilatın üzv dövlətləri arasında ümumtürk mədəniyyətinin, ənənələrinin qorunub saxlanılması istiqamətində sıx əməkdaşlığın əhəmiyyətindən söz açılıb. Müasir dövrdə Türk dövlətlərinin ortaq irsinin, dəyərlərinin mühafizəsi və gələcək nəsillərə ötürülməsinin önəminə toxunulub. Müxtəlif ölkələrdə yaşayan azsaylı türk xalqlarının Türk Dünyasına inteqrasiya olunmasının və bu səpkidə Fond tərəfindən həyata keçirilən tədbirlərin vacibliyi vurğulanıb. Təşkilatın xarici ölkələrlə tərəfdaşlıq münasibətlərini genişləndirməsi, türk və digər xalqlar arasında qarşılıqlı mədəni mübadilələrə töhfə kimi qiymətləndirilib. Söhbətlər zamanı Fondun qurucu üzv dövlətləri Qazaxıstan və Türkiyə ilə iş birliyi əlaqələrinin prioritetləri nəzərdən keçirilib, gələcək planlar, mümkün birgə layihələr haqqında ümumi müzakirələr aparılıb.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur