Günay Əfəndiyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri ilə görüşüb.
Xəbərlər
Günay Əfəndiyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri ilə görüşüb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar ilə görüşüb.
Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın Türk xalqlarının qədim mədəni-mənəvi dəyərlərinin qorunması, beynəlxalq miqyasda tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə çoxşaxəli fəaliyyətindən söz açıb. Fondun prezidenti ümumtürk irsinin yayılması istiqamətində təşkilat tərəfindən türk dövlətləri ilə yanaşı, digər xarici ölkələrdə keçirilmiş müxtəlif layihələr haqqında ətraflı məlumat verib. Günay Əfəndiyeva Fond ilə TİKA arasında qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu bildirərək, əməkdaşlığın uğurla davam edəcəyinə inandığını vurğulayıb.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar Türk Əməkdaşlıq Təşkilatlarından olan Fond ilə iş birliyinə böyük əhəmiyyət verdiyini qeyd edib. Sərkan Kayalar təşkilat tərəfindən türk dövlətlərinə məxsus zəngin mədəniyyətin təbliği yönündə Türk Dünyasının sərhədlərindən kənarda da önəmli tədbirlərin təşkil olunmasını, kitabların nəşr edilməsini yüksək qiymətləndirib. O, Fond ilə ortaq fəaliyyətə hər zaman hazır olduğunu bildirib.
Görüşdə gələcəkdə nəzərdə tutulan mümkün birgə layihələr dəyərləndirilib.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Nuri Aksu iştirak edib.