Günay Əfəndiyeva Türkiyə Ali Təhsil Şurasının rəhbəri ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Türkiyə Ali Təhsil Şurasının rəhbəri ilə görüşüb

19 yanvar 2023 12:23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb.

Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva prioritet məqsədləri Türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, beynəlxalq səviyyədə təbliği və gələcək nəsillərə ötürülməsi olan rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb. Günay Əfəndiyeva ümumtürk mədəni irsinin dərindən öyrənilməsi və tanıdılması yönündə Fondun üzv və müşahidəçi dövlətlərinin, eləcə də xarici ölkələrin müxtəlif elm ocaqları, ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrə böyük önəm verməsinə toxunub. Fondun prezidenti Türk Dünyasının bir sıra universitetləri ilə sıx əməkdaşlıq münasibətləri quraraq, ümumi şəbəkənin yaradılmasının təşkilatın planlarından olduğuna diqqəti çəkib. Günay Əfəndiyeva təşkilatın Anlaşma Memorandumu imzaladığı bir sıra universitetlər arasında Türkiyənin Bursa Uludağ Universitetinin də yer aldığını nəzərə çatdırıb.

Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının qədim və zəngin mədəniyyətinin yaşadılması istiqamətində həyata keçirdiyi geniş miqyaslı layihələri təqdirəlayiq hesab etdiyini bildirib. O, Fond tərəfindən ümumtürk dəyərlərinin öyrənilməsi və araşdırılmasına maarif ocaqlarının cəlb olunmasını yüksək qiymətləndirib. Erol Özvar Türk Dünyasının tarixi və mədəni irsi ilə bağlı məlumatlılığın artırılması və təşviqinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu səpkidə təşkilat ilə ortaq iş birliyinin önəminə toxunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur