Haaqada Heydər Əliyevin 100 illik yubileyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və Sultan Beybarsın 800 illik yubileyi təntənəli qeyd olunub
Xəbərlər
Haaqada Heydər Əliyevin 100 illik yubileyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və Sultan Beybarsın 800 illik yubileyi təntənəli qeyd olunub
24 oktyabr 2023-cü il tarixində Haaqa şəhərində Türk Dünyasının böyük şəxsiyyəti, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və qazax hökmdarı Sultan Beybarsın 800 illik yubileyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan, Qazaxıstan və Türkiyə Respublikalarının Niderland Krallığındakı Səfirlikləri ilə iş birliyi çərçivəsində təntənəli qeyd olunub.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyasında bu il ərzində qeyd olunan mötəbər hadisələr çərçivəsində Fond tərəfindən həyata keçirilən müxtəlif layihələrdən söz açıb.
Günay Əfəndiyeva müstəqil, öz ərazi bütövlüyünü təmin etmiş müasir Azərbaycanın banisi, bütün dünyada müdrik və uzaqgörən siyasətçi kimi tanınan Ulu öndər Heydər Əliyevin zəngin irsindən bəhs edərək, dahi şəxsiyyətin ölkənin tarixindəki rolu və Türk dövlətləri ilə yanaşı, dünya ölkələri ilə siyasi-iqtisadi, mədəni-ədəbi münasibətlərin qurulmasındakı xidmətlərini xüsusi vurğulayıb.
Türkiyə Respublikasının yaranmasının 100 illiyi haqqında danışan Fondun prezidenti, keçən zaman ərzində ölkənin beynəlxalq arenada tutduğu yer və əldə etdiyi nailiyyətləri qeyd edib. Günay Əfəndiyeva öz çıxışında, həmçinin, Qazaxıstanı böyük hökmdar Sultan Baybarsın 800 illik yubileyi, eləcə də Milli Bayram - Respublika Günü münasibəti ilə təbrik edib. Ölkənin qısa müddət ərzində həyata keçirdiyi uğurlu siyasi, iqtisadi və sosial islahatların artıq müsbət nəticə verdiyini bildirib.
Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfiri Rəhman Mustafayev Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki mühüm töhfələri, Azərbaycanın daxili və xarici siyasətinin gücləndirilməsi istiqamətində atdığı addımlar barədə tədbir iştirakçılarına məlumat verib. Səfir, həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qədim Türk mədəni irsinin qorunması və yüksək səviyyədə təbliğ edilməsini tədqirəlayiq hadisə adlandırıb. Rəhman Mustafayev Türk Birliyinin getdikcə artan nüfuzu, türk həmrəyliyinin daha da gücləndirilməsinin tarixi əhəmiyyət daşıdığını deyib.
Qazaxıstan Respublikasının Niderland Krallığındakı səfiri Askar Jumaqaliyev son illər ərzində Türk xalqlarının və dövlətlərinin biri birinə daha da yaxınlaşmasının müşahidə edildiyini bildirərək, bu yöndə Fondun gördüyü işlərin xüsusi yer tutduğunu söyləyib.
Türkiyə Respublikasının Niderland Krallığındakı səfiri Səlçuk Ünal ölkəsinin yaranmasının 100-cü il dönümünü təntənəli tədbirlərlə qeyd edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna və onun rəhbərliyinə təşəkkürünü bildirib. Səfir Türk dəyərlərinin gələcək nəsillərə aşılamasının vacibliyini vurğulayıb və bu istiqamətdə Fonda uğurlar arzulayıb.
Tədbirdə Fondun himayəsində yaradılmış və yeddi Türk dövlətini - Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni, Özbəkistanı, Türkmənistanı və Macarıstanı təmsil edən peşəkar qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konserti təşkil edilib. Qrupun rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadədir
Tədbirdə Niderland Krallığının dövlət rəsmiləri, millət vəkilləri, ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri və diaspora nümayəndələri iştirak ediblər.