Özbəkistanda Şuşa günlərinin rəsmi açılış mərasimi keçirilib

Xəbərlər

Özbəkistanda Şuşa günlərinin rəsmi açılış mərasimi keçirilib

11 aprel 2023 20:23
Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar olaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda Şuşa günlərinin rəsmi açılış mərasimi keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, TÜRKPAnın Baş katibi Mehmet Süreyya Er, Özbəkistanın Mədəni İrs Agentliyinin rəhbəri Bahadur Abdukarimov, Daşkənddə akkreditə olunmuş türk dövlətlərinin səfirləri, millət vəkilləri, dövlət, hökumət və media nümayəndələri iştirak ediblər. Daşkənddə “Şuşa günləri" tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı sənədli filmin nümayişi, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına, həmçinin “Şəhidlər və Zəfər” abidə kompleksi önünə çələng və gül-çiçəklər qoyublar. Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində qonaqlara “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim edilib. Mədəniyyət Mərkəzinin böyük konfrans zalında davam edən tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa günləri”ni yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisə adlandırıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna rolu haqqında danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların azad olunduğunu, ölkə Prezidenti İlham Əliyev tərəfindən şəhərin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini və TURKSOY təşkilatı tərəfindən 2023-cü il üçün türk mədəniyyətinin paytaxtı elan olunması haqqında qərar verildiyini söyləyib. Mərasimdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şuşanın Azərbaycan dövləti və xalqı üçün xüsusi yerə malik olduğunu vurğulayaraq, onun uzun müddət erməni işğalı altında qalmasını, şəhərin dağıdıldığını və tarixi abidələrin məhv edildiyini bildirib. O, Şuşanın erməni işğalından azad olunmasını çox mühüm tarixi hadisə adlandıraraq, hazırda şəhərdə aparılan quruculuq işlərini və keçirilən mühüm beynəlxalq tədbirlərin hər bir azərbaycanlıda qürur hissi yaratdığını bildirib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il yüzilliyi qeyd olunan türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa günləri”nin açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. O, Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi təşkilat tərəfindən dünyanın müxtəlif ölkələrində “Şuşa günləri”nin keçirilməsinin nəzərdə tutulduğunu, ilk tədbirin Bursada və bu ilin birinci tədbirin Özbəkistanda keçirildiyini vurğulayıb. Günay Əfəndiyeva Şuşanın Azərbaycan mədəniyyəti, ədəbiyyatına, musiqisinə verdiyi töhfələrdən danışaraq, şəhərin zəngin mədəni irsinin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd edib. Fondun prezidenti “Şuşa günləri”nin keçirilməsini ortaq soykök, dəyərlərə, ənənələrə malik xalqların mədəniyyətinin qovuşması və Şuşanın onlar arasında bir əməkdaşlıq məkanına çevrilməsi, türk dünyasında yeni bir dövrün başlanması kimi dəyərləndirib. Mərasimdə çıxış edən Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov türk ölkələri arasında son illərdə daha da inkişaf edən siyasi əlaqələr haqqında danışaraq, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli mədəni əlaqələri xüsusi qeyd edib. Nazir Özbəkistanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə keçirilən “Şuşa günləri” tədbirlərini yüksək qiymətləndirib, bu hadisənin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəniyyəti üçün də vacib və əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Ozodbek Nazarbekov Şuşanı Azərbaycanın ürəyi adlandırıb, şəhər haqqında maraqlandığını və şəhərin zəngin mədəni irsinin onu heyrətə gətirdiyini vurğulayıb. O, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını bütün qardaş türk dövlətləri üçün fəxr mənbəyi və qürurlu hadisə olduğunu söyləyib. Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er və Özbəkistanın Mədəni Miras Agentliyinin direktoru Baxodir Abdukarımov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacibliyini vurğulayaraq, bu layihənin Türk dünyası ölkələri arasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edəcəyini söyləyiblər. Onlar yüksək memarlıq və şəhərsalma sənətinə malik, tarixi Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini, şəhərin bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrildiyini qeyd ediblər. Daha sonra tədbir iştirakçılarına Xurşidbanu Natəvan haqqında sənədli film göstərilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış filmdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şairə Xurşidbanu Natəvanın həyatı və yaradıcılığına dair, həm sənədli, həm də bədii səhnələr yer alıb. Filmin ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Zəhra Quliyevadır. Baş rolda Azərbaycanın Xalq artisti Mehriban Zəki çəkilib. Tədbirin bədii hissəsində Özbəkistanın Xalq artisti, “Yalla” ansamblının bədii rəhbəri Fərrux Zakirov, azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Azərbaycan və özbək mahnıları səsləndirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı və dünyaca məşhur “Özbəgim yoshlari” musiqili rəqs qrupunun rəngarəng çıxışları baş tutub. Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur