Polşa Respublikasında Varşava Beynəlxalq Kitab Sərgisi keçirilib
Xəbərlər
Polşa Respublikasında Varşava Beynəlxalq Kitab Sərgisi keçirilib
01 iyun 2023
09:58
Cari ilin 25-28 may tarixində Polşa Respublikasında Varşava Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın Polşadakı Səfirliyi ilə birgə iştirak edib.
Sərgidə Türk dünyasının dövlətçiliyi, tarixi, mədəni irsi, incəsənəti, ədəbiyyatı ilə bağlı Fondun üzv və müşahidəçi ölkələrinin dillərində – Azərbaycan, qazax, qırğız, türk, özbək, macar, eyni zamanda ingilis, rus, polyak, ərəb, alman, italyan və digər dillərdə olan 500-ə qədər kitab, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri, eləcə də Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən təqdim olunan kitablar iştirakçılara nümayiş etdirilib. Sərgilənən kitablar arasında 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi çərçivəsində Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş nəşrlər, həmçinin Türk dünyasının qürur mənbəyinə çevrilmiş tarixi Qarabağ Zəfərinə aid kitablar, habelə Türk dünyasının görkəmli fikir adamları Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Süleyman Çələbi, Yunus Əmrə, Abay Kunanbayev, Toktakul Satılkanov, Muxtar Auvezov, Məhdimqulu Fəraqi, Çingiz Aytmatov və digər yazıçı və şairlərin əsərləri yer alıb.
Beynəlxalq Türk Mədəniyyəti irsi Fondunun əməkdaşları Fərid Hüseynov və Ləman Ağagülova bir sıra Avropa ölkələri, o cümlədən İspaniya, Rumıniya, Polşanın nəşriyyat və qurumları ilə görüşlərdə təşkilatın Türk dünyasının mədəniyyətinin, irsinin beynəlxalq miqyasda təbliği və tanıdılması istiqamətində gördüyü işlər barədə geniş məlumat vermiş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Fond ilə Səfirliyin birgə stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd olunmalıdır ki, Beynəlxalq Varşava Kitab Sərgisi Avropada ənənəvi olaraq keçirilən və hər il yüz minlərlə oxucunun maraq göstərdiyi ən nüfuzlu kitab sərgilərindən biridir. Bu il sərgidə yerli nəşriyyatlarla yanaşı, 14 əcnəbi ölkə təşkilatları iştirak edib. Ümumən 500-dən çox iştirakçının qatıldığı sərgi Varşava Mədəniyyət və Elm Sarayında baş tutub. Ukraynanın Fəxri qonaq statusunda təmsil olunduğu sərgiyə İtaliya, Norveç, İspaniya, Fransa, Slovakiya, İslandiya, Avstriya, Çin, Hindistan, Cənubi Koreya, Tayvan və digər ölkələr qatılıb.
1000-dən artıq yazar, tərcüməçi və naşirin iştirak etdiyi kitab sərgisində əsasən tanınmış müəlliflərin imza günləri, oxu saatları, ədəbi müzakirələr və konsert proqramları olmaqla 4 gün ərzində 270-dən artıq tədbir təşkil olunub.