Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib
Xəbərlər
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib
15 mart 2023
20:38
16 mart 2023-cü il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə son zamanlarda Türkiyənin cənub və cənub-şərq bölgələrində baş vermiş zəlzələlər nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi və Özbəkistan Respublikasının Prezidenti Şevkət Mirziyoyevin sədrliyi ilə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxış ediblər. Zirvə görüşündə Türk Əməkdaşlıq Təşkilatların rəhbərləri ilə yanaşı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iştirak edib.