Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun və muğam ifaçılarının konsert proqramı təqdim edilib
Xəbərlər
Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun və muğam ifaçılarının konsert proqramı təqdim edilib
17 aprel 2023
19:38
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında keçirilən “Şuşa günləri” çərçivəsində Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda Qarabağ geyimlərinin moda sərgisi, Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun və muğam ifaçılarının konsert proqramı təqdim edilib.
Tədbir iştirakçıları öncə Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda yaradılmış Azərbaycan mədəniyyəti və incəsənəti auditoriyası ilə tanış olublar.
Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun konsert zalında davam edən tədbirdə İnstitutun rektoru Eldor Şermanov çıxış edərək, Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr haqqında danışıb, “Şuşa günləri”nə həsr olunmuş növbəti tədbirin bu təhsil ocağında keçirilməsini İnstitutun tarixində mühüm hadisə kimi qiymətləndirib. O, Şuşanın zəngin incəsənətinin öyrənilməsinin Özbəkistan üçün böyük maraq kəsb etdiyini söyləyib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında mövcud olan qardaşlıq münasibətlərinin, mədəni əlaqələrin inkişafından bəhs edərək, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə gördüyü işlərdən söz açıb. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin, mütəfəkkirlərin vətəni Şuşanın Azərbaycan və Türk dünyasının mədəniyyətindəki rolu və yeri haqqında danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə keçirilən “Şuşa günləri” haqqında məlumat verib, Şuşanın nəinki Azərbaycanın, bütün Türk dünyası insanları üçün mühüm və müqəddəs bir məkana çevriləcəyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünün tarixindən söz açıb. Azərbaycan Ordusu tərəfindən aparılmış 44 günük Vətən müharibəsi, Özbəkistan dövlətinin və özbək xalqının Azərbaycanın yanında olması, Vətən müharibəsi zamanı bu dəstəyi daha yaxından hiss etdiklərini qeyd edib.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Sureyya Er Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşləri barədə danışaraq, qardaş xalqların tarixin bütün sınaqlarından birgə keçdiklərini, eyni sevinci və kədəri paylaşdıqlarını, bu gün də bütün sferalarda həm dövlət, həm xalq olaraq həmrəylik nümayiş etdirdiklərini vurğulayıblar.
Tədbirin bədii hissəsində tanınmış Azərbaycanlı modelyer Gülnarə Xəlilovanın müəllifi olduğu “Qarabağ” Milli Geyim Kolleksiyasının moda nümayişi keçirilib. Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri tərəfindən nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların alqışları ilə qarşılanıb.
Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan və Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun konserti ilə davam edib. Qrupun rəhbəri Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadədir.
Sonra Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Azərbaycan və özbək mahnıları səsləndirilib.
Tədbirin sonunda Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim olunub.