Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş konsert təşkil olunub

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş konsert təşkil olunub

31 dekabr 2023 17:22

28 dekabr 2023-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert keçirilib.

Fondun prezidenti Aktotı Raimkulova tədbirin açılış mərasimində çıxış edərək təşkilatın yaradılmasında təşəbbüsünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, göstərdiklərə dəstək üçün Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarına təşəkkür edib.

Aktotı Raimkulova ortaq soy-kök, mədəni irs, dil, dəyərlər ətrafında birləşən Türk Dünyasında cari ildə qeyd olunan əlamətdar yubileylər sırasında müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə diqqət çəkib.

Fondun prezidenti Azərbaycanı Vətən müharibəsində qazandığı böyük Zəfər münasibətilə təbrik edərək, bu qələbəni bütün Türk Dünyasının qələbəsi kimi dəyərləndirib.

Konsert Azərbaycanın “Zəfər” muğam qrupu və Qazaxıstanın məşhur “Turan” etno-folklor ansamblının iştirakları ilə baş tutub. “Zəfər” qrupu tərəfindən Azərbaycanın muğamları və xalq mahnıları səsləndirilib, “Turan” etno-folklor ansamblının özünəməxsus təqdimatı ilə Türk Dünyası musiqisi nümayiş etdirilib.

Konsert çərçivəsində həmçinin, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bəstələdiyi musiqi əsərlərini “Turan” etno-folklor ansamblının müşayiəti ilə ifa edib.

Konsert izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsertdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur