Türk Mədəniyyəti və İrsi Fondunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qəbul keçirilib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qəbul keçirilib

27 yanvar 2022 21:00

27 dekabr 2023-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qəbul keçirilib.

Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilatın yaradılmasında təşəbbüsünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, göstərilən dəstəyə görə Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarına təşəkkür edib.

Aktotı Raimkulova müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Respublikasının qurulmasının 100 illiyi kimi əlamətdar tarixlər və Azərbaycanın Qarabağ Zəfəri münasibətilə bütün Türk Dünyasını təbrik edib. Fondun prezidenti Azərbaycanın qazandığı şanlı qələbənin bütün Türk Dünyasını birləşdirdiyini vurğulayıb. O, qurulduğu gündən etibarən Türk xalqlarının maddi-mədəni dəyərlərini qorunması və beynəlxalq aləmdə tanıdılması, əlaqələrinin gücləndirilməsi yönündə çoxsaylı layihələr həyata keçirmiş Fondun fəaliyyətinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Tədbirin bədii hissəsində nümayiş etdirilən konsert programında “Turan” etno-folklor ansamblı və “Zəfər” muğam qrupunun ifalarında Türk xalqlarının musiqisi səsləndirilib.

Qonaqlara Türk xalqlarının milli mətbəx nümunələri təqdim olunub.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, millətvəkilləri, tanınmış mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri, KİV təmsilçiləri iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur