Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda iştirak edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda iştirak edib

29 noyabr 2023 09:33

Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılış mərasimi olub.

Qeyd olunmalıdır ki, yaradıcılıq layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçirilir.

Forum çərçivəsində kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirən “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi”nə(MY EXPO 2023) baxış keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirdə iştirak edərək, Forumun “Mədəniyyət və Yaradıcı Sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektivlər” mövzusu üzrə panel sessiyasında çıxış edib.

Aktotı Raimkulova təşkilatın prezidenti olaraq, Forumun Azərbaycanda qatıldığı ilk rəsmi tədbir olmasından söz açıb. O, Fondun rəhbəri təyin olunmasında göstərdikləri etimada görə türk dövlətlərinin başçılarına, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edib.

Fondun prezidenti müasir və rəqəmsal dövrdə mədəniyyət və yaradıcılıq sahələrinin mühüm rolundan bəhs edib. O, mədəni inteqrasiyanın həyata keçirilməsində qloballaşma və hər xalqın özünəməxsus mədəni dəyərlərinə hörmət arasında balansın qorunmasının vacibliyini vurğulayıb.

Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyini, eləcə də türkdilli xalqlar arasında ünsiyyət və qarşılıqlı anlaşma platforması olduğunu qeyd edib.

Tədbirdə həmçinin, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər rəsmi şəxslər çıxış edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur