Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi ilə görüşüb

30 dekabr 2023 23:33

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev ilə görüşüb.

Görüşdə Seymur Fətəliyev Aktotı Raimkulovanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib. O, Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyaları arasında əməkdaşlıqdan söz açıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilatın ümumtürk maddi-mədəni irsinin qorunmasına və beynəlxalq miqyasda tanıdılmasına yönəlmiş çoxşaxəli fəaliyyətlərindən bəhs edib. Aktotı Raimkulova Türk Dünyasının qədim və zəngin irsinin mühafizəsi və daha artıq tanıdılması məqsədilə Fond ilə YUNESKO arasında əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb.

Təşkilat ilə Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyalarının işbirliyi çərçivəsində ortaq layihələrin həyata keçirilməsinin perspektivləri dəyərləndirilib.

Görüş Fondun YUNESKO ilə qarşılıqlı münasibətlərinin gələcək istiqamətləri ətrafında müzakirələrlə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur