41-ci İstanbul Beynəlxalq kitab sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Səninləyik, Türkiyə" kitabının təqdimatı keçirilib
Xəbərlər
41-ci İstanbul Beynəlxalq kitab sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Səninləyik, Türkiyə" kitabının təqdimatı keçirilib
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi, təqdim olunan kitabın tərtibçi və tərcüməçisiSəlim Babulloğlu çıxış edərək bildirib ki: “Biz bu nəşr layihəsini bir neçə ay ərzində icra etdik və zəlzələ qurbanlarına aid şeirləri və fotoları topladıq. Bu antologiyada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Cümhuriyyətindən olan şairlər, o cümlədən başqırd, çuvaş, uyğur, tatar, qaqauz şairlərin, bir sözlə böyük türk dünyasını əhatə və təmsil edən söz sənətkarlarının zəlzələ qurbanlarına həsr etdikləri poetik əsərləri kitabda yer alıb”.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev təqdim olunan kitab haqqında, ümumən layihənin əhəmiyyəti xüsusunda geniş məruzə ilə çıxış edərək ərsəyə gətirilən işin tarixi və mənəvi önəmindən bəhs edib.
Ən uzaq və yaxın tarixdə baş verən oxşar hadisələr barədə düşüncələrin paylaşan “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Əli Bəy Hüseynzadənin 1939-cu ildə Ərzincandabaş verən zəlzələ haqqında yazdığı “Zəlzələ dolayısı” ilə şeirihaqqında danışaraq və Azərbaycanlı fikir adamların heç zaman Türkiyənin dərdlərinə biganə qalmadığını, daim qardaş xalqın kədərini öz kədəri, sevincini milli sevinci kimi yaşadığını dilə gətirib.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn həmin dəhşətli zəlzələ barədə kitabda yer alan şeirləri təhlil edərək zəlzələnin məşhur qəhrəmanlarına çevrilmiş bir sıra konkret şəxslərə ünvanlanan poetik əsərlər barədə fikir yürüdüb. Həmçinin F.Hüseyn zəlzələdə atası həlak olmuş 12 yaşlı Cəmilə adlı qızcığaza həsr etdiyi “Dünyanın ən uzun otuz saatı” adlı şeirinin yaranma tarixcəsindən də söz açıb.
Çıxış üçün növbəti söz tanınmış şair, alim Qismət Rüstəmova verilib. Q.Rüstəmov “Ədəbiyyat və faciə” adlı məruzəsi tədbir iştirakçılarının geniş marağına səbəb olub.
Qeyd edək ki, tədbirdə tanınmış qirəətçilər Hüseynağa Aslanov və Jalə Novruzun ifasında kitabda yer alan bir sıra şeirlər səsləndirilib.
Tədbirin sonunda Türk Mədəniyyəti və İrsi Fondu adından türkiyəli oxuculara “Səninləyik Türkiyə”kitabları hədiyyə olunub.