Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib
Xəbərlər
Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib
Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib
Qırğızıstanda Alıkul Osmonov adına Milli Kitabxanada görkəmli qırğız şairi Alıkul Osmonovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qırğız və Azərbaycan dillərində nəşr olunan "Zamandan zamana" kitabının təqdimatı keçirilib.
Təqdimatda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında bəhs edib: "Türk Mədəniyyəti və İrsi Fondunun missiyası Türk dünyasının zəngin irsini və mədəniyyətini qorumaq, öyrənmək və beynəlxalq aləmdə təbliğ etməkdir. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının ədəbi inciləri", "Türk dünyasının elmi inciləri" adlı 3 kitab seriyası təsis edib. Alıkul Osmonovun "Zamandan zamana" kitabı "Türk dünyasının ədəbi inciləri" seriyasından işıq üzü görən ilk kitabdır. Kitabın tərcüməsi tanınmış Azərbaycan yazıçısı Adil Cəmil tərəfindən həyata keçirilib".
Aktotı Raimkulova qonaqlara Bişkekdə yerləşən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi barədə də məlumat verib: "Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Astana Sammitinin Bəyannaməsinin direktivlərinə əməl edərək, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi başa çatdırılıb. Ev muzeyinin bərpası və müasir avadanlıqlarla təhciz edilməsi nəticəsində ziyarətçilər görkəmli qırğız şairi Alıkul Osmonovun yaşadığı dövrün ab-havasını özündə əks etdirən mədəni mühitlə tanış ola biləcəklər".
Tədbirdə Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qandilov, TÜRKSOY-un baş katibi Sultan Rayev, həmçinin görkəmli yazıçılar, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.