Türk Mədəniyyəti və İrsi Fondu 5-ci Ümumdünya Köçəri Oyunları çərçivəsində Türk dövlətləri ilə əməkdaşlığını genişləndirir
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondu 5-ci Ümumdünya Köçəri Oyunları çərçivəsində Türk dövlətləri ilə əməkdaşlığını genişləndirir
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstana səfəri çərçivəsində Qazaxıstan Milli İdman növləri Assosiasiyasının prezidenti İslambek Saljanov ilə görüşüb.
Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun Türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması və təbliği istiqamətində çoxşaxəli fəaliyyətlərindən söz açılıb. Fondun qurucu üzv ölkəsi Qazaxıstan ilə mövcud əməkdaşlıq münasibətləri və nəzərdə tutulan gələcək ortaq layihələri qeyd olunub.
Müxtəlif növ idman yarışlarını və mədəni tədbirləri ehtiva edən Ümumdünya Köçəri Oyunlarının «ҰЛЫ ДАЛА ДҮБІРІ» – “Böyük Çölün Səsi” devizi altında cari ildə Qazaxıstanın ev sahibliyində keçirilməsindən bəhs olunub. Fond tərəfindən Türk xalqlarının dekorativ-tətbiqi sənət növlərinin təbliği məqsədilə sözügedən Oyunlara Türk Dünyasının sənətkarlarının cəlb olunması təklifi yüksək qiymətləndirilib.
2024-cü ildə Astanada keçiriləcək 5-ci Ümumdünya Köçəri Oyunları çərçivəsində Fondun dəstəyi ilə Azərbaycan komandasının iştirakına dair müzakirə aparılıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadilələri ilə davam edib.