Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Mədəniyyət Nazirliyi yanında Dövlət Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Mədəniyyət Nazirliyi yanında Dövlət Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

04 sentyabr 2024 10:37

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında tarixi-mədəni irsin mühafizəsi və bərpası sahəsində “Anlaşma Memorandumu” imzalanıb. 
Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva imzalayıblar.
Sənəd Azərbaycan ərazisində yerləşən, o cümlədən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və konservasiyası, müvafiq istiqamətdə təlimlərin təşkili və mədəni irs sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Bu sənəd əsasında, ilk növbədə, Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndində yerləşən məscidin bərpasına dəstək verilməsi nəzərdə tutulur.
İmzalanma mərasimində vurğulanıb ki, türk ölkələri ilə bütün sahələrdə əlaqələrin inkişafı, xüsusən də mədəni əlaqələrin möhkəmlənməsi əlamətdar hadisədir. Söhbət zamanı Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının zəngin mədəni irsinin qorunub saxlanılması və təbliğinə verdiyi töhfələr, Azərbaycanın bu istiqamətdə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Tərəflər gələcək illərdə əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur