Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstanın Ənənəvi Mədəniyyət və İncəsənət Araşdırma Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstanın Ənənəvi Mədəniyyət və İncəsənət Araşdırma Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

23 sentyabr 2024 11:24

2024-cü il sentyabrın 23-də Bakıda Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstanın Ənənəvi Mədəniyyət və İncəsənət Araşdırma Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Fondun prezidenti Aktotı Raimkulova və Mərkəzin direktoru Roza Amanova imzalayıblar. Mərasimdə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov iştirak edib.

Sənədin imzalanması Türk Dünyasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək məqsədini daşıyır. Memorandum tərəflər arasında əməkdaşlıq münasibətlərinin qurulması və davam etdirilməsinə yönəlib.

Memorandumun imzalanma mərasimindən sonra keçirilən görüşdə tərəflər birgə layihələrin həyata keçirilməsi planlarını müzakirə ediblər. Xüsusilə, İssık-Kul gölünün mənzərəli sahilində “Rux Sanat” beynəlxalq ənənəvi musiqi festivalının birgə keçirilməsi ətrafında müzakirə aparılıb. Bildirilib ki, bu layihə Türk xalqlarının ənənəvi musiqi irsini beynəlxalq səviyyədə təbliğ edən genişmiqyaslı beynəlxalq festival kimi böyük potensiala malikdir.

Tərəflər qurulan əməkdaşlığın Türk xalqları arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə  və qarşılıqlı dioloqun daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur