Türk Mədəniyyəti və İrsi Fondu İstanbul Ticarət Universiteti ilə əlaqələrini genişləndirir
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondu İstanbul Ticarət Universiteti ilə əlaqələrini genişləndirir
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbul Ticarət Universitetinin Qəyyumlar Şurasının üzvü, İstanbul Ticarət Palatasının sədr müavini İsrafil Kuralay və İstanbul Ticarət Palatasının İdarə Heyətinin üzvü Bahadır Yaşık ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələrinin və digər dövlətlərin universitetləri ilə mövcud əməkdaşlıq münasibətlərindən söz açılıb. Türk dövlətlərinin təlim-tədris ilə əlaqədar işbirliyi əlaqələrinin inkişaf etdirilməsinin önəmindən bəhs olunub. Türk xalqlarının xüsusilə gənc nəsillərinin inteqrasiya proseslərində fəal iştirakının əhəmiyyəti vurğulanıb. Fond ilə Türk Dünyasının müxtəlif ali təhsil ocaqları arasında qarşılıqlı əlaqələrin qurulması yüksək qiymətləndirilib.
Eyni zamanda görüşdə təşkilat tərəfindən “Türk Dünyasının Mədəni İrsi Haqqında” Konvensiyanın hazırlanması Türk Dünyasında yeni mərhələnin başlanmasına əhəmiyyətli töhfə kimi qiymətləndirilib.
Görüş ümumtürk inteqrasiyasının gücləndirilməsi və bu xüsusda Fond ilə İstanbul Ticarət Universitetinin gələcək əməkdaşlığının istiqamətlərinin müəyyənləşdirilməsinə dair müzakirələrlə yekunlaşıb.