Türk Mədəniyyəti və İrsi Fondu Qırğız Respublikası Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əlaqələri yaradır

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu Qırğız Respublikası Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əlaqələri yaradır

20 fevral 2024 11:11

Qırğız Respublikasına səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikası Milli Elmlər Akademiyasının prezidenti Kanatbek Abdrahmatov ilə görüşüb.Tərəflər Fondun tarix, arxeologiya və Türk mədəniyyətinin yazılı abidələrinin qorunması sahəsində həyata keçirdiyi layihələrə Qırğızıstanın elmi dairələrinin cəlb edilməsi məsələlərini müzakirə ediblər. Bildirilib ki, sözügedən əməkdaşlıq sahəsi Türk Dövlətləri Təşkilatının proqram sənədlərində müəyyən edilmiş vəzifələrə uyğundur.Xüsusilə qədim Türk epiqrafik abidələrinin sənədləşdirilməsi və inventarlaşdırılması, eləcə də Qırğızıstandakı “Qaraxanid malikanəsi” abidəsində bərpa və arxeoloji işlərin aparılması üçün Fond tərəfindən maliyyələşdirilməsi planlaşdırılan layihələrin həyata keçirilməsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.Fondun prezidenti Milli Elmlər Akademiyasına səfəri zamanı “Manas” eposunun bir hissəsinin manasçı Sagımbay Orozbakovun dilindən yazılmış ilk nüsxəsi ilə, eləcə də Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun “Əlyazma” fondunda saxlanılan Toqolok Moldonun əlyazmaları ilə tanış olub. Bununla bağlı Türk dünyasının tarixi-mədəni irsi olan qədim çap və əlyazma kitabların bərpası layihəsinin həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin, Aktotı Raimkulova institutda yaradılmış Çingiz Aytmatov yaradıcılıq kabinetində olub.Görüşlərin yekununda qırğız xalqının mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Elmlər Akademiyası arasında fəal işgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur