Türk Mədəniyyəti və İrsi Fondunun həmtəşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyində beynəlxalq sərginin açılış mərasimi keçirilib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun həmtəşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyində beynəlxalq sərginin açılış mərasimi keçirilib

15 mart 2024 20:48

 15 mart 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” adlı beynəlxalq sərginin açılış mərasimi keçirilib. Tədbir 14-15 mart 2024-cü il tarixlərində Bakı şəhərində “Türk Dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması - UNESCO nöqteyi nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunub.
Tədbirdə Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər  və təmsilçiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, millətvəkilləri, ictimai və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.
Sərginin açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycanın tanınmış dövlət və ictimai xadimi Həsən Həsənov, eləcə də Litvalı kolleksiyaçı Virciniya Morqan-Hayat çıxış edib.
Tədbirin bədii hissəsində Bakı şəhəri “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin şagirdlərinin ifalarında Türk xalqlarının milli rəqsləri nümayiş olunub.
Daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın milli geyimlərinin - xüsusilə baş geyimlərinin, zərgərlik və xalça sənətinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.
Sərgidə, həmçinin ustad dərsi və mühazirə də keçirilib.
Sərgi 31 mart 2024-cü il tarixinədək ziyarətçilərə açıqdır.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur