Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstan-Azərbaycan Turizm Forumunda çıxış edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstan-Azərbaycan Turizm Forumunda çıxış edib

23 iyul 2024 09:18

23 iyul 2024-cü il tarixində Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, "Kazakh Tourism” Milli Kampaniyanın, Dövlət Turizm Agentliyinin, AirAstana və FlyArystan aviaşirkətlərinin, Azərbaycan turizm bələdçiləri Assosiasiyasının nümayəndələri, Almatı və Şımkənd şəhərlərinin, Manqistau vilayətinin turizm idarələrinin rəhbərliyi, Azərbaycan və Qazaxıstanın iri turizm şirkətləri, KİV nümayəndələri iştirak ediblər.
Forumu çıxış nitqi ilə açan Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel qonaqları salamlayaraq, Qazaxıstan ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən turizm sahəsində ikitərəfli əməkdaşlığın uğurla inkişafından danışıb.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Forumun yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən bəhs edib.
Fondun mədəni irsin qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələrdən bəhs edən Aktotı Raimkulova, Fondun turizm ilə sıx əlaqəsini vurğulayıb: "Türk Mədəniyyəti və İrsi Fondu müxtəlif layihələr həyata keçirir, bərpa işləri aparır, sərgilər, festivallar, təhsil proqramları keçirir. Bu xüsusda müxtəlif ölkələrdən bərpaçılar, alimlər, incəsənət xadimləri cəlb edilir və bu da öz növbəsində mədəniyyətin qorunması ilə yanaşı, həm də türk ölkələrinə maraq göstərən turistlərin cəlb edilməsinə,  türk xalqlarının qədim adətlərinin beynəlxalq aləmdə tanıdılmasına töhvə verir. Fond bu cür layihələrin həyata keçirilməsi vasitəsilə Türk ölkələrinin turizm cəlbediciliyində rol oynayır, turistlərə Türk dünyasının mədəni dilbər guşələri, tarixi ilə tanış olmaq imkanı yaradır".
 
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən Aktotı Raimkulova Türk ölkələrinin digər agentlikləri ilə də tərəfdaşlıq münasibətlərinin genişləndiriləcəyinə ümidini bildirib.
Çıxışının sonunda Fondun prezidenti təşkilatın Türk dünyasının unikal mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə layihələrə hər zaman açıq olduğunu vurğulayıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur