Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb

26 fevral 2024 11:12

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstana səfəri çərçivəsində Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb.

Görüşdə tərəflər Türk Dünyasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində qarşılıqlı elmi mübadilələrin önəmi qeyd olunub.

Həmçinin, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk Dünyasının elm xadimlərinin iştirakları ilə həyata keçirilmiş elmi-tədqiqat layihələrindən, konfranslardan, eləcə də nəşr edilən irihəcmli kitablardan bəhs olunub. Fond tərəfindən ümumtürk mədəni irsinin daha ətraflı araşdırılması və geniş auditoriyalara çatdırılması istiqamətində planlaşdırılan gələcək layihələr ətrafında müzakirələr aparılıb.

Nazir Sayasat Nurbek Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin Türk xalqlarının ortaq mənşəyə malik dillərinin qorunması, eləcə də xarici universitetlərlə əlaqələrin genişləndirilməsi yönündəki layihələrində Fond ilə birgə əməkaşlığa hazır olduğunu bildirib.

Fondun Türk dövlətlərinin və digər xarici ölkələrin ali təhsil müəssisələri ilə mövcud tərəfdaşlıq əlaqələri qeyd olunub. Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan Respublikasının universitetlərində mədəni irsin bərpası sahəsində tədrisin təşkil olunması təşəbbüsü yüksək qiymətləndirilib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi ilə başa çatıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur