Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanaliyevin yaradıcılıq gecəsinin fəxri qonağı olub
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanaliyevin yaradıcılıq gecəsinin fəxri qonağı olub
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Xalq yazıçısı, dramaturq, ictimai və dövlət xadimi Kayrat İmanaliyevin yaradıcılıq gecəsində iştirak edib. Tədbir Bişkekdəki Toktobolot Abdumomunov adına Milli Dram Teatrında baş tutub.
Tədbir yazıçının “Atake Baatır”, “Kurmancan Datka”, “Kərəz”, “Korkut”, “Umut”, “Aktrisa” və digər əsərlərindən ibarət tamaşalarla başlayıb.
Tamaşada T.Abdumomunov adına Milli Dram Teatrının, B.Kıdıkeyeva adına Gənc Tamaşaçılar Teatrının, Narın və Talas vilayətlərinin musiqili dram teatrlarının, Babur adına Oş Özbək Musiqili Dram Teatrının, Astana Gənclər Teatrının, Qazaxıstan, Azərbaycan və Özbəkistan dövlət dram teatrlarının sənətçiləri çıxış ediblər.
Aktotı Raimkulova tədbirin qonaqlarına təbrik nitqi ilə müraciət edərək Türk dünyası irsinin təbliği və qorunub saxlanmasında müstəsna xidmətlərinə görə Kayrat İmanaliyevə Türk Mədəniyyəti və İrsi Fondunun Fəxri Fərmanını təqdim edib.
Tədbirdə Qırğızıstanın dövlət katibi Suyunbek Kasmambetov, mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenquloğlu, eləcə də Qazaxıstan, Özbəkistan və Rusiyadan rəsmi nümayəndələr iştirak ediblər.