Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda Bakıda keçirilən be...
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib
14 mart 2024-cü il tarixində Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Dərya Örs, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə açılış nitqi ilə çıxış ediblər, UNESCO Baş Konfransının sədri Simona-Mirela Miçulesku isə videomüraciətlə tədbir iştirakçılarını salamlayıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova nitqində ötən il noyabrın 3-də keçirilən Türk Dövlətləri Təşkilatının Astana Zirvə toplantısında qəbul olunan TURKTIME strateji inkişaf proqramı çərçivəsində Fondun fəaliyyətlərindən söz açıb. Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilat tərəfindən Türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin mühafizəsi və bərpası üçün hüquqi bazanın – Türk Mədəni İrsi Konvensiyasının hazırlandığını, həmçinin Türk İrsi üzrə Rəqəmsal Platformanın yaradılması istiqamətində addımların atıldığını vurğulayıb.
Fondun prezidenti bildirib ki, üzv və müşahidəçi dövlətlərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində aktiv iştirak məsələsi fondun qarşıdakı illər üçün fəaliyyət planında birinci yerdə olacaq: “Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpası, eləcə də tanınmış qırğız yazıçısı Alikul Osmanovun Bişkekdəki ev-muzeyinin bərpası növbəti iki ildə prioritet istiqamətlərdəndir”.
Aktotı Raimkulova bildirib ki, maarifləndirici proqramlar ortaq maddi-mədəni irsin qorunmasında mühüm rol oynayır: “Tarixi-mədəni irsimiz keçmişlə bu günü bir araya gətirir, hər yaşdan və hər xalqdan olan insanlara türk irsinin dərinliyini öyrənməyə imkan verir. Bununla əlaqədar bir sıra tədbirlər, o cümlədən qış və yay məktəbləri, eləcə də mədəni irsin qorunması və mühafizəsi ilə məşğul olan gənc mütəxəssislər və tələbələr üçün səfərlər, potensialın gücləndirilməsi layihələri, mübadilə proqramları həyata keçirməyi düşünürük”.
Aktotı Raimkulova ortaq türk nominasiyalarının UNESCO-nun Ümumdünya İrs Siyahısına təqdim edilməsi prosedurunun yaradılmasına Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən diqqət göstərilməsindən bəhs edib. O, Fond tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq çərçivəsində Türk Dünyasına məxsus orijinal sənət növü olan “Qurama”nın Ümumdünya İrs Siyahısına təqdim edilməsi prosesinin başladıldığını vurğulayıb.
Konfransın ilk günündə fasilələrlə dörd sessiyanın keçirilməsi nəzərdə tutulub. İlk sessiya Türk Akademiyasının prezidenti Şahin Mustafayevin moderatorluğu ilə Türk dünyasının mədəni irsinin qorunması üzrə milli strategiyalar və yanaşmalar, ikinci sessiya Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın moderatorluğu ilə mədəni irsin qorunması, sənədləşdirilməsi və təbliği üzrə Türk Əməkdaşlıq Təşkilatlarının tərəfdaşlığı, üçüncü sessiya Türk Dil Qurumunun prezidenti Osman Mertin moderatorluğu ilə mədəni irsin qorunması və təbliği üçün innovativ yanaşmalar və zəruri işlər, sonuncu sessiya isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə mədəni irsin qorunması sahəsində milli komissiyaların əməkdaşlığı mövzusunu əhatə edir.