Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 10-cu iclasının açılış mərasimində iştirak edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 10-cu iclasının açılış mərasimində iştirak edib

15 may 2024 11:45

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 10-cu iclasının açılış mərasimində iştirak edib. Qeyd olunmalıdır ki, iclas ilk dəfədir ki, Türkmənistanda baş tutub.
Tədbirdə Türkmənistanın xarici işlər naziri və YUNESKO üzrə Milli Komissiyasının sədri Rəşid Meredov, YUNESKO -nun Almatı Regional Mərkəzinin direktoru Amir Piric, TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış ediblər.
Fondun prezidenti Aktotı Raimkulova açılış mərasimindən sonra gerçəkləşən "TÜRKSOY-a üzv dövlətlərin YUNESKO Milli Komissiyalarının Əməkdaşlıq İmkanları" movuzunda panel müzakirəsində çıxış edib.
O, YUNESKO-nun qlobal miqyasda mədəni irsin qorunmasında mühüm rol oynadığını vurğulayıb. Aktotı Raimkulova YUNESKO tərəfindən müstəsna ümumbəşəri dəyər daşıyan yerlərin müəyyən edilməsinin və Ümumdünya İrs Siyahısına salınmasının mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Türk dövlətlərinin transmilli nominasiyalarının YUNESKO-nun Ümumdünya İrs Siyahısına hazırlanmasından söz açan Raimkulova bu prosesin ölkələrarası koordinasiya və qarşılıqlı əməkdaşlıq tələb etdiyini bildirib.
O, Fondun Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyaları ilə qarşılıqlı tərəfdaşlıq münasibətlərinə, Türk mədəni irsinin beynəlxalq səviyyədə qorunub saxlanılması yönündə birgə fəaliyyətlərinə diqqət çəkib.
Fondun prezidenti Aktotı Raimkulova 3 noyabr 2023-cü il tarixində Astanada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısından sonra Türk dövlət və təşkilatlarının TURKTIME devizi altında əməkdaşlığın yeni strateji mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Aktotı Raimkulova sözügedən strateji istiqamətlərə uyğun olaraq, Türk xalqlarının çoxəsrlik mədəni irsinin mühafizəsi, bərpası və təbliği yönündə fəaliyyət göstərən Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işlərdən bəhs edib.
O, qeyd edib ki, təşkilatın fəaliyyətinin prioritet istiqamətləri sırasında Türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin mühafizəsi və bərpası üçün hüquqi bazanın, eləcə də Türk Mədəni İrsi Konvensiyasının tərtibi, Türk Əməkdaşlıq Təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində Türk Mədəni İrsi Siyahısının hazırlanması, gənclərin Türk adət-ənənələrinə və dəyərlərinə daha da yaxınlaşdırılması üçün onlarla işin gücləndirilməsi, həmçinin, Türk İrsi Rəqəmsal Platformasının yaradılması yönündə addımlar atılacaq.
Çıxışının sonunda Raimkulova Türk xalqlarını, birlikdə güclü və mədəni baxımdan zəngin bir gələcək qurmağa çağırıb.
Paneldə həmçinin, YUNESKO-nun Almatı Regional Mərkəzinin direktoru Amir Piric, Türk Dövlətləri Parlamentar Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidentinin müavini Asxat Kessikbayev, Türkiyə Respublikasının YUNESKO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, Qırğız Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsul katibi Səbirə Soltongəldiyeva, Qazaxıstan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsul katibi Janar Şaymenova, Özbəkistan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının Baş katibinin müavini Elmurod Nəcimov, Macarıstanın YUNESKO üzrə Milli Komissiyasının Baş Katibi Qabor Soos, Monqolustan YUNESKO üzrə Milli Komissiyasının Baş katibi Boldsayhan Sambuu  çıxış ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur