Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qor...

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda panel sessiyasında çıxış edib

02 may 2024 11:28

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda təşkil olunan doqquzuncu panel sessiyasında çıxış edib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında bildirib ki, postmünaqişə dövründə mədəniyyət abidələrinin dirçəldilməsi üçün lazımi infrastruktur olmalıdır:
"Hər bir xalqın özəyi onun mədəniyyətindən, tarixi dəyərlərindən ibarətdir. Mədəniyyət ziddiyyətli qruplar arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün bir vasitədir. Mədəniyyətin qorunması üçün dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş "Mədəniyyət naminə sülh" təşəbbüsünü alqışlayıram. Ortaq Türk mədəniyyətinin qorunması məsələsi çox vacibdir. Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dövlətlərinin mədəni irs siyahısının hazırlanması, həmçinin rəqəmsal platformasının yaradılması istiqamətində işlər aparılır".
Aktotı Raimkulova vurğulayıb ki, sülh sadəcə müharibənin olmaması deyil, həqiqi sülh mədəniyyət və tarixə hörmət etməkdir:
"Biz çalışmalıyıq ki, mədəni irsimiz qorunub saxlanılsın və sabit sülh təmin edilsin. Dünya ictimaiyyətini beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə çağırırıq".
Fondun prezidenti qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məcburi köçkünlərin qayıdışı uğurla davam edir. Bu məsələdə Azərbaycan çox böyük uğurlar qazanıb.
Aktotı Raimkulova Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dağıdılmış mədəniyyət abidələrin geniş bərpasına başlamasına diqqət çəkib: “Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. İndi isə Qarabağın əvvəlki ruhunun dirçəldilməsi üçün bərpa və yenidənqurma işlərini həyata keçirir. Azərbaycanın Qarabağ bölgəsində apardığı bərpa proseslərində  dövlətlərinin fəal iştirakı təqdirəlayiq haldır".
O, Türk Mədəniyyəti və İrsi Fondunun bu proseslərə öz töhfəsini verməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
“Fond Füzulinin Qoçəhmədli kəndində məscidin bərpasında iştirak etməyə hazırlaşır”, - deyə Aktotı Raimkulova bildirib.
Qeyd olunmalıdır ki, panel sessiya Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilib. Sessiyada həmçinin, ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və xarici siyasət Şurasının üzvü Aygün Attar, UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuz, məşhur fotojurnalist Reza Deqati çıxış ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur