Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşündə çıxış edib
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşündə çıxış edib
15 noyabr 2024-cü il tarixində Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşü keçirilib.
Görüş Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimlinin giriş nitqi ilə açılıb.
Tədbirdə həmçinin Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da iştirak edib.
Aktotı Raimkulova çıxışında iqlim dəyişikliyinin müxtəlif sahələrə, o cümlədən mədəniyyətə də təsir göstərdiyini vurğulayıb: "Qlobal istiləşmə, daşqınlar, dağıntılar, təbii fəlakətlər, zəlzələlər şəraitində mədəniyyət obyektləri məhvolma təhlükəsi ilə üz-üzə qalır. Belə hallar baş verərkən biz hər zaman maddi və mədəni irsə aid nadir abidələri bərpa etmək işində daim səfərbər olmalıyıq. Tarixi obyektlərin dəqiq, uzunmüddətli, elektron nüsxələrinin yaradılması məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və bir çox digər ölkələrdə maddi-mədəni irsin, əlyazma abidələrin, saray komplekslərinin rəqəmsallaşdırılması istiqamətində fəal addımlar atır.
"Dünyadakı bir çox abidələr coğrafi mövqeyinə və istifadə olunan tikinti və bərpa materiallarına görə unikaldır. Əcdadlarımızın nəsildən-nəslə ötürdüyü Türk dünyasının mədəniyyət obyektlərinin yaradıcılarının təcrübəsi misilsizdir. Türk Mədəniyyəti və İrsi Fondu zəngin praktiki təcrübəyə malik olan Türk Dünyasının Bərpaçıları və Tarixçiləri Assosiasiyasını yaradıb və Türk ölkələrinin abidələrinin bərpası ilə bağlı tarixi təcrübəni, elmi təhlili və praktiki tövsiyələri özündə ehtiva edən nəşrlər üzərində işə başlayıb".
Qeyd edək ki, görüşün nəticəsi kimi müzakirə olunan yekun sənəd təsdiqlənib