Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında ikitərəfli görüş keçirilib
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında ikitərəfli görüş keçirilib
III Antalya Diplomatiya Forumu çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu arasında ikitərəfli görüş keçirilib.
Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının qəbul etdiyi “TÜRKTIME” proqramı çərçivəsində rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən danışıb.
Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması və təbliğinə mühüm töhfə kimi qiymətləndirib. O, ümumtürk irsinin ayrılmaz parçası olan Qazaxıstanın zəngin tarixi-mədəni irsinin təbliği məqsədilə Fondun həyata keçirdiyi layihələrə dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə Türk ölkələri arasında inteqrasiyanın və mədəni-humanitar əlaqələrin inkişafına yönəlmiş birgə layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Fond ilə Qazaxıstan arasında əlaqələrin daha da möhkəmləndirilməsinin perspektivləri dəyərləndirilib.