Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri ilə görüş keçirib
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri ilə görüş keçirib
Cari ilin 19 fevralında Qırğız Respublikasına səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov ilə görüşüb.
Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi arasında əməkdaşlığın mühüm aspektləri müzakirə edilib. Tərəflər Türk mədəniyyətinin və irsinin gücləndirilməsi və təbliğində dərin maraq ifadə ediblər.
Aktotı Raimkulova 3 noyabr 2023-cü il tarixində Türk Dövlətləri Təşkilatının Astanada keçirilən Sammitində Astana Aktı strateji sənədinin həyata keçirilməsinə dair Fondun baxışını təqdim edib, həmçinin “Türk Mədəni İrsi Konvensiyası”nın yaradılması istiqamətində aparılan işlər barədə məlumat verib.
Həmçinin, Fonda üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə Fondun Şurasının ilk iclasına hazırlıq işlərinin gedişatı nəzərdən keçirilib.
2024 və 2025-ci illər üçün planlar arasında Aktotı Raimkulova Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi, Çuy vilayətindəki Qaraxanid malikanəsində arxeoloji və konservasiya işləri, Qırğızıstanın Türk runik yazılarının inventarlaşdırılması və sənədləşdirilməsi layihələrini qeyd edib. YUNESKO çəçrivəsində çoxtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.
2024-cü ildə Astanada 5-ci Ümumdünya Köçəri Oyunlarının keçirilməsi ilə bağlı qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət yetirilib. Aktotı Raimkulova Türk xalqlarının köçəri mədəniyyətinin orijinallığını və gözəlliyini dünyaya parlaq şəkildə bəyan etməyə imkan verən bu unikal fenomenin banisi kimi Qırğızıstanın müstəsna rolunu vurğulayıb. Qeyd olunub ki, Oyunların mütəmadi keçirilməsi türk xalqlarının qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına mühüm töhfə verir. Dünya Köçəri Oyunlarının miqyasının müntəzəm şəkildə artdığını qeyd edən Altınbek Maksutov müxtəlif ölkələrin milli idman növlərinin dəstəklənməsinin və onların Oyunların idman proqramında əks olunmasının vacibliyini vurğulayıb.
Görüşdə Fondun fəaliyyətinin həm Qırğız Respublikasının, həm də Türk Dünyasının digər ölkələrinin informasiya məkanında fəal işıqlandırılmasının vacibliyi qeyd olunub.
Altınbek Maksutov Nazirliyin ümumtürk mədəni irsinin qorunması və təbliğinə yönəlmiş Fondun təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.Tərəflər əməkdaşlığın dinamikasını artırmağa qarşılıqlı hazır olduqlarını qeyd ediblər.