Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri ilə görüş keçirib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri ilə görüş keçirib

26 aprel 2024 12:20

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilatın Bakıdakı mərkəzi qərargahında Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov ilə görüş keçirib.
Görüşdə, həmçinin, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajimaliev,  K. Moldobasanova adına Qırğızıstan Milli Konservatoriyasının rektoru Muratbek Begaliev iştirak ediblər.
Görüş zamanı tərəflər Fond və Nazirlik arasında qarşılıqlı fəaliyyətin perspektivlərini müzakirə ediblər.
Fonda üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakları ilə 30 aprel 2024-cü il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Fond Şurasının iclasına hazırlıq məsələsinə ayrıca baxılıb.
Fondun prezidenti naziri Fondun 2024 və 2025-ci illər üçün fəaliyyət planı, eləcə də Fondun cari layihələri ilə tanış edib.
Türk Dünyasında tarixi-mədəni irsin qorunub saxlanması sahəsində əməkdaşlığın genişləndirilməsinin, eləcə də Asiya ölkələri ilə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Fondun iştirakçısı olan ölkələrin kino və klassik musiqi irsinin qorunub saxlanması sahələrində əməkdaşlığın perspektivləri qeyd olunub.
Görüş Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi Qırğız Respublikası ilə qarşıdakı illərdə gələcək fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur