Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğızıstanın Fransadakı səfiri ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğızıstanın Fransadakı səfiri ilə görüşüb

22 mart 2024 10:27

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya işgüzar səfəri çərçivəsində Qırğız Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sadiq Şer-Niyaz ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk xalqlarının qədim və zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və beynəlxalq miqyasda tanıdılması yönündə fəaliyyətlərindən söz açılıb. Fondun qurucu üzv ölkəsi Qırğız Respublikası ilə qarşılıqlı əməkdaşlıq əlaqələrindən, ölkənin mədəni irsinin yaşadılması və geniş auditoriyalara çatdırılması istiqamətində layihələrindən bəhs olunub.
Fondun növbəti iki illik fəaliyyət planına, eləcə də bu çərçivədə təşkilatın restovrasiya sahəsində nəzərdə tutulan layihələrinə diqqət çəkilib. Cari ilin 21 mart tarixində doğumunun 109-cu ili qeyd olunan böyük qırğız şairi və dramaturqu Alikul Osmonovun ev muzeyinin bərpası yönündə Fond tərəfindən aparılan işlər yüksək qiymətləndirilib.
Görüşdə həmçinin, “Türk Dünyasına baxış – 2040” sənədi çərçivəsində Fondun üzərinə qoyulan “Türk Dünyasının mədəni irsinin qorunması haqqında” Konvensiyanın hazırlanması prosesinin başladılmasına, bu prosesə Türk dövlətlərinin ekspertlərinin və dövlət qurumlarının nümayəndələrinin cəlb olunmasına diqqət çəkilib.
Görüş Fond ilə Qırğızıstanın Fransadakı Səfirliyi arasında birgə əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur