Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin Milli Saraylar İdarəsinin rəisi ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin Milli Saraylar İdarəsinin rəisi ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbul şəhərinə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti yanında Milli Saraylar İdarəsinin rəisi Yasin Yıldız ilə görüşüb.
Görüşdə Türk dövlətlərinin tarixi-mədəni irsinin müasir dövrdə qorunmasının, geniş miqyasda tanıdılmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən söz açılıb. Türk Dünyasının maddi-mənəvi abidələrinin mühafizəsi Türk xalqlarının milli mədəniyyətinin, ortaq keçmişinin yaşadılması kimi dəyərləndirilib. Türk Mədəniyyəti və İrsi Fondunun qədim və zəngin ümumtürk dəyərlərinin təbliği istiqamətində çoxşaxəli fəaliyyətlərindən bəhs olunub.
Görüşdə eyni zamanda Fondun qurucu üzv ölkəsi olan Türkiyənin maddi-mədəni irsinin tanıdılması yönündə layihələri qeyd edilib. Təşkilat tərəfindən ötən il Türkiyənin Milli Saraylar İdarəsi ilə əməkdaşlıq çərçivəsində “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərginin İstanbul və Astana şəhərlərində təşkilinə diqqət çəkilib.
Görüş Türk mədəni irsinin yaşadılması istiqamətində Fond ilə Türkiyə Respublikasının Prezidenti yanında Milli Saraylar İdarəsinin tərəfdaşlığının gələcək perspektivlərinə dair fikir mübadilələri ilə sona çatıb.