Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmamet Elyasov ilə görüşüb.
Görüşdə Aktotı Raimkulova Fondun Türk xalqlarının zəngin dəyərlərinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər barədə məlumat verib, həmçinin təşkilatın bu istiqamətdə həyata keçirəcəyi gələcək layihələrdən danışıb. Aktotı Raimkulova mədəniyyətlərarası dialoqun inkişafında Türkmənistanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Fondun prezidenti birgə addımlar çərçivəsində təşkilatla Türkmənistan arasında mədəni əlaqələrin yeni mərhələyə qədəm qoyacağına əminliyini ifadə edib.
Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmamet Elyasov Fondun Türk dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib. Türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayan Qurbanmamet Elyasov Fondun fəaliyyətinə dəstəyini ifadə edib.
Görüş tərəfdaşlığın gələcək perspektivlərinin müzakirəsi və 2024-cü il üzrə planlar ətrafında fikir mübadiləsi ilə davam edib.