Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO Baş direktorunun Afrika və xarici əlaqələr üzrə müavini ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO Baş direktorunun Afrika və xarici əlaqələr üzrə müavini ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya işgüzar səfəri çərçivəsində UNESCO Baş direktorunun Afrika və xarici əlaqələr üzrə müavini Anthony Kvaku Ohemeng-Boamah ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk xalqlarının çoxəsrlik zəngin tarixi-mədəni irsinin qorunması, beynəlxalq aləmdə tanıdılması və nəsillərə ötürülməsi istiqamətində faəliyyətlərindən söz açılıb. Fondun Türk xalqlarının mədəni dəyərlərinin mühafizəsi və təbliği yönündə Türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyaları ilə əməkdaşlığı vurğulanıb. Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasına baxış – 2040” konsepsiyası çərçivəsində əsas istiqamətlərdən biri olan “Türk Dünyasının Mədəni İrs Siyahısı”nın hazırlanması ilə bağlı aparılan işlərə diqqət çəkilib.
Görüşdə UNESCO-nun Ümumdünya İrs Siyahısına transmilli nominasiyaların hazırlanması üçün Fondun Türk dövlətləri ilə birgə əməkdaşlığa hazır olduğu bildirilib.
Eyni zamanda, görüşdə TURKTİME strateji proqramı çərçivəsində Türk mədəni irsinin qorunması məqsədilə Fondun restavrasiya istiqamətində layihələri və Rəqəmsal Platformanın yaradılması üzrə apardığı işlər səsləndirilib.
Görüş Fond ilə UNESCO arasında birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələrlə yekunlaşıb.