Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Qırğız Respublikasına səfəri başlayıb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Qırğız Respublikasına səfəri başlayıb
19 fevral 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Xarici İşlər nazirinin müavini Aybek Moldoqaziyev ilə görüşüb. Görüş Fondun prezidentinin Qırğızıstan Respublikasına səfəri çərçivəsində baş tutub.
Görüş zamanı Fondun Qırğız Respublikası ilə cari və planlaşdırılan əməkdaşlığına dair konstruktiv fikir mübadiləsi aparılıb, təşkilatın 2024 və 2025-ci illər üçün fəaliyyət planları ətraflı müzakirə olunub.
Fondun prezidenti Qırğızıstan tərəfinə Qırğız Respublikasında həyata keçirilməsi nəzərdə tutulan layihələr, eləcə də bu çərçivədə ilk olaraq Alıkul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpası və muzeyləşdirilməsi barəsində məlumat verib. Ortaq Türk mədəni irsinin çoxtərəfli platformalarda təbliği istiqamətində atılan addımlar ətraflı nəzərdən keçirilib. Aktotı Raimkulova Fondun fəaliyyətinə daimi dəstəyə görə Qırğızıstan tərəfinə təşəkkür edib.
Aybek Moldoqaziyev Fondun qırğız xalqının mədəni və mənəvi irsinin beynəlxalq aləmdə təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirərək, yaxın gələcəkdə Qırğızıstan tərəfinin təklif etdiyi yeni əməkdaşlıq istiqamətlərini qeyd edib.
Tərəflər Fond ilə Qırğız Respublikası arasında tərəfdaşlığın yüksək aktivliyini, o cümlədən Türk Dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində birgə tədbirlərin həyata keçirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.