Türk Mədəniyyəti və İrsi Fondunun tarixində ilk dəfə Fondun Şura toplantısı keçirilib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun tarixində ilk dəfə Fondun Şura toplantısı keçirilib

30 aprel 2024 11:23

30 aprel 2024-cü il tarixində Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında Fondun ilk Şura toplantısı keçirilib.
Toplantıda Fondun prezidenti Aktotı Raimkulovatəşkilatın strateji istiqamətlərini təqdim edib. Həmçinin, iclasın gündəliyində TURKTİME programına və “Türk Dünyasına baxış - 2040”sənədinə uyğun olaraq Fondun üzərinə qoyulan vəzifələr, təşkilatın 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması, eləcə də 3 noyabr 2023-cü ildə Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının X Zirvə Görüşü çərçivəsində Türk dövlətlərinin başçıları tərəfindən müəyyən olunmuş Fondun fəaliyyəti ilə bağlı digər strateji əhəmiyyətli məsələlər yer alıb.

İclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikasının mədəniyyət naziri Aida Balayeva, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul, Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı iştirak ediblər.
 
Şurada Fondun prezidenti Aktotı Raimkulovanın geniş və ətraflı təqdimatı ilə təşkilatın 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı toplantı iştirakçılarına nümayiş etdirilib. 
İclas gündəlikdəki məsələlər ətrafında müzakirələrlə davam edib.
Tədbirin sonunda qonaqlar Türk Mədəniyyəti və İrsi Fondunun muzeyini ziyarət edərək, Azərbaycan Milli Xalça Muzeyi tərəfindən hazırlanmış xalçanın dəzgahdan kəsim mərasimində iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur