Türkmənistanın Aşqabad şəhərində “Türk Dünyasının Mədəni İrsinin Qorunması haqqında Konvensiyaya Doğru Əməkdaşlıq” mövzusunda seminar təşkil olunub
Xəbərlər
Türkmənistanın Aşqabad şəhərində “Türk Dünyasının Mədəni İrsinin Qorunması haqqında Konvensiyaya Doğru Əməkdaşlıq” mövzusunda seminar təşkil olunub
Türkmənistanın Aşqabad şəhərində keçirilən TÜRKSOY-a üzv dövlətlərin YUNESKO üzrə Milli Komissiyalarının 10-cu İclası çərçivəsində “Türk Dünyasının Mədəni İrsinin Qorunması haqqında Konvensiyaya Doğru Əməkdaşlıq” mövzusunda seminar təşkil olunub.
Seminarda TÜRKSOY-un Baş katibi Sultan Raev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidentinin müavini Asxat Kessikbayev, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, Türkiyə Respublikasının YUNESKO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Qırğız Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsul katibi Sabira Soltongəldiyeva, Qazaxıstan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsul katibi Janar Şaymenova, Qazaxıstan Respublikasının Qeyri-Maddi Mədəni İrs üzrə Milli Komitəsinin üzvü Meruyert Kurmangaliyeva, Qırğız Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsləhətçisi Aynurə Tentiyeva, Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova, Türk Mədəniyyəti və İrsi Fondunun hüquq müşaviri Ayaz Məmmədov iştirak ediblər.
Seminar Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın moderatorluğu ilə gerçəkləşdirilib. Tədbiri giriş sözü ilə açan Aktotı Raimkulova Türk xalqlarının mədəni irsinin qorunması, tanıdılması və bərpasını Fondun fəaliyyətinin əsas vəzifə və istiqamətləri olduğunu bildirib. O, Fond tərəfindən təşkilatın Nizamnaməsinə uyğun şəkildə ümumtürk maddi və qeyri-maddi mədəni irsinin Türk Dünyasında və onun hüdudlarından kənarda mühafizəsi yönündə vahid hüquqi sənədin hazırlandığını qeyd edib.
Raimkulova sözügedən sənədin - Türk Dünyasının Mədəni İrsinin Qorunması haqqında Konvensiyanın üzərində Fondun təşkilata üzv ölkələrin dövlət qurumlarının nümayəndələri və ekspertləri ilə birgə iş apardığını diqqətə çatdırıb. O, Konvensiya üzrə 1-ci Məşvərət Toplantısının cari ilin fevralında Fondun mərkəzi qərargahında keçirildiyini vurğulayıb.
Aktotı Raimkulova UNESCO-nun mənzil-qərargahına işgüzar səfəri çərçivəsində Konvensiya layihəsinin təşviqi və onun təkmilləşdirilməsi istiqamətində təşkilatın nümayəndələri ilə ətraflı müzakirələrin aparıldığını diqqətə çatdırıb.
O, Konvensiyanın ümumtürk mədəniyyətinin davamlı inkişafı, eləcə də xalqlararası sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində addım olacağına əminliyini ifadə edib.
“Bu yolda beynəlxalq əməkdaşlığın, xüsusilə qardaş Türk dövlət və təşkilatları arasında sıx tərəfdaşlığın rolu böyükdür”, - deyə, A. Raimkulova vurğulayıb.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Konvensiyanın hazırlanmasına cəlb edilən ekspertlər - Qazaxıstan Respublikasının Qeyri-Maddi Mədəni İrs üzrə Milli Komitəsinin üzvü Meruyert Kurmangaliyeva, Qırğız Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsləhətçisi Aynurə Tentiyeva, eləcə də Fondun hüquq müşaviri Ayaz Məmmədov sənədə dair ətraflı məlumatları tədbir iştirakçılarına təqdim ediblər.
Seminarda həmçinin, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, Türkiyə Respublikasının YUNESKO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Qırğız Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsul katibi Sabira Soltongəldiyeva, Qazaxıstan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsul katibi Janar Şaymenova çıxış edərək, Konvensiyanın hazırlanması xüsusunda maraq doğuran məsələlər ətrafında rəy bildiriblər.
Tədbir Türk Dünyasının Mədəni İrsinin Qorunması haqqında Konvensiyaya dair fikir mübadiləsi və diskussiyalar ilə davam edib.