Vaqif Səmədoğlunun yeni kitabı Türkiyədə təqdim olunub
Xəbərlər
Vaqif Səmədoğlunun yeni kitabı Türkiyədə təqdim olunub
Türkiyə Cümhuriyyətində keçirilən 41-ci İstabul Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Fəxri Qonaq Statusunda iştirak edib.
Bu Beynəlxalq tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu da iştirak edib. Fondun “Türk ədəbiyyatının inciləri” seriyasından Vaqif Səmədoğlunun “Mən burdayım Tanrım” (Mən burdayam, İlahi”) kitabı işıq üzü görüb. Kitabın tərcüməçisi mərhum türkoloq, professor Arif Acalov, nəşrin layihə rəhbəri Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva- Vəkilovadır. Kitabı nəşrə Fərid Hüseyn hazırlayıb, şeirlərin redaktoru isə məşhur türk şairi Adnan Özerdir.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın tədbir iştirakçılarına ünvanladığı məktubu oxunub. Fondun prezidenti məktubunda təşkilata yaratdığı şəraitə, iştirak imkanına görə Azərbaycan dövlətinə, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşəkkürünü çatdıraraq Vaqif Səmədoğlu yaradıcılığı haqqında düşüncələrini bölüşüb: “Bu gün Türkiyədə görkəmli şair Vaqif Səmədoğlunun həm 85 illik yubileyi qeyd olunur, həm də “Mən burdayam Tanrım” adlı şeirlər kitabının təqdimatı keçirilir. Vaqif Səmədoğlu çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Müasir Azərbaycan şeirinin inkişafında onun müstəsna xidmətləri var. Onun şeirləri yeni nəsil Azərbaycan oxucusunun zövqünün formalaşmasında xüsusi rol oynayıb. Vaqif Səmədoğlu həmçinin qüdrətli dramaturq kimi də şöhrət qazanıb. Onun qələmə aldığı səhnə əsərləri Azərbaycan tamaşaçıları tərəfindən daim rəğbətlə qarşılanıb. Vaqif Səmədoğlunun ədəbi irsi dünyanın müxtəlif dillərinə – rus, ingilis, fransız, serb və s. tərcümə edilib. Sevindirici haldır ki, Xalq şairi Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi” kitabı artıq Türkiyə türkcəsində də oxucuların qəlbində özünə yer tapacaq”.
Daha sonra “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, ədəbi tənqidçi Ülvi Babasoy, şair Aqşin Yenisey, Qismət Rüstəmov, “Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariq Xalq şairi Vaqif Səmədoğlunun yaradıclığı barədə ətraflı fikir yürüdüblər.
Sonda Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva-Vəkilova çıxış edərək gənclərin, gələcək nəsillərin Vaqif Səmədoğlu yaradıcılığına olan böyük rəğbətinin onun poeziyasının əbədiyaşarlılığına dəlalət etdiyini bildirərək, görkəmli ədibin əsərlərinin Fransa, Serbiya, Polşa, İngiltərədən sonra Türkiyədə də çap olunmasını Vaqif Səmədoğlu yaradıcılığının növbəti poetik səyahəti kimi mənalandırıb.
Tədbirdən sonra oxuculara Vaqif Səmədoğlunun “Mən burdayam tanrım” kitabının nüsxələri hədiyyə olunub.